Gənclər və İdman Nazirliyində icbari tibbi sığorta ilə bağlı görüş keçirilib

Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta Agentliyinin rəhbər heyəti və əməkdaşları Gənclər və İdman Nazirliyinin kollektivi ilə görüşüb, təmsil olunduqları sahədəki yeniliklər və icra mexanizmi barədə məlumatları bölüşüblər.
Gənclər və idman naziri səlahiyyətlərini icra edən, nazir müavini Məcid Seyidov və Agentliyin idarə heyətinin sədri Elnur İbrahimov tədbirin əhəmiyyətindən bəhs edib, icbari tibbi sığorta sisteminin tədbiqi ilə bağlı ictimaiyyətin məlumatlandırılması işinin önəmi barədə fikirlər səsləndiriblər. Agentliyin əməkdaşı tərəfindən sağlam cəmiyyətin formalaşmasında icbari tibbi sığortanın rolu və icbari tibbi sığortadan istifadə qaydaları, Yenilənmiş Xidmətlər Zərfinin üstünlükləri, əhalinin sağlamlığının qorunması sahəsində görülmüş işlərlə bağlı məlumatlar slayd vasitəsilə iştirakçıların diqqətinə çatdırılıb.
Sonda ümummilli lider Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib.